Bu mövsüm çempionluğa əsas namizədlərdən biri kimi dəyərləndirilsə də, “Klippers” ümidləri doğrulda bilmədi. Qərb konfransının yarımfinalında “Denver”ə məğlub olduqdan sonra Los-Anceles klubunun rəhbərliyinin radikal dəyişikliyə əl atacağını gözləməyə dəyərdi. Belə də oldu...
“Los Anceles Klippers”in baş məşqçisi Dok Rivers istefaya göndərilib. 2013/14 mövsümündən bu komandaya rəhbərlik edən təcrübəli mütəxəssis bu müddət ərzində “Klippers”ə 356 qələbə qazandırıbsa, onun başçılığı altında los anceleslilər 208 dəfə məğlub olub. “Klippers” onun dövründə heç vaxt Qərb konfransının finalına yüksələ bilməyib. Halbuki, onun başçılığı altında Kris Pol, Bleyk Qriffin, Kavay Leonard və Pol Corc kimi MBA ulduzları çıxış edib. Bu mövsüm komandanın çempion olacağına böyük ümidlər bəslənilsə də, Dok Riversin komandası konfrans yarımfinalında “Denver”in öhdəsindən gələ bilməyib.
Yeri gəlmişkən, Dok Rivers də istefaya göndərilməsinə münasibət bildirib: “Məni belə möhtəşəm komandaya rəhbərlik etməyə imkan yaratdığına görə, “Klippers” rəhbərliyinə təşəkkür edirəm. Bu günə qədər qarşıma qoyulan müəyyən hədəflərə çatmışam, amma MBA çempionu ola bilmədiyimizə görə bütün planları həyata keçirə bilmədim. “Klippers”in bundan sonra da böyük dəstəyə ehtiyacı var. Oyunçularıma, köməkçilərimə, klubun hər bir üzvünə və xüsusən də, azarkeşlərimizə təşəkkür edirəm”. Sonda Amerika mətbuatının daha bir məlumatını diqqətinizə çatdıraq. Deyilənə görə, “Klippers”dən göndərilən Riversin xidmətində “Hyuston”, “Filadelfiya” və “Nyu-Orlean” maraqlıdır.